"Azərbaycanfilm" kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyanın inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib.
Bu barədə Milli.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri prosessual hərəkətlər icra olunub.
Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
--------
10:49
Xəbər verildiyi kimi, ötən gecə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.
Bu barədə Milli.Az-a FHN Mətbuat xidmətindən məlumat verilib.
Partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb.
Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.
---------
00:16
2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib.
Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.
Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq.
------
00:05
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
-------
00:02
Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib.
"Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür", - məlumatda qeyd olunub.
--------
23:58
"Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
-------
23:55
26.06.2025-ci il tarixində saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən bildirilib
Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.
Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.
-------
23:52
Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayış baş verib.
Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
-------
23:38
Müdafiə Sənayesi Nazirliyi "Alov" Zavodunda partayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, "Alov" Zavodunda hər hansı partlayış, yanğın baş verməyib.
-------
23:25
Bakıda partlayış baş verib
Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
Əlavə məlumat veriləcək.
Milli.Az